News

News   /   Ustad dərs – 1 və 2

Ustad dərs – 1 və 2


1 il əvvəl Emil Abdurahmanov
Ustad dərs – 1 və 2

8 – 9 iyun tarixlərində “Gənc Xarici dil Müəllimləri Birliyi”-nin təklifi əsasında “Imperial English Azerbaijan” şirkəti tərəfindən Azərbaycanın bütün orta təhsil müəssisələrinin gənc ingilis dili müəllimləri üçün “Şagirdləri ingilis dilini dinləməyə və ingilis dilində danışmağa həvəsləndirməyin ən yaxşı üsulları (“Best methods to motivate students to speak English” and "Best ways to improve English listening skills") ” mövzusunda ikigünlük ödənişsiz onlayn təlim təşkil edilmişdir.

Təlim yeni innovativ metodologiyaların, yanaşmaların, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından orta ümümtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin ingilis dili dinləmə və danışıq bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədiylə ingilis dili fənnini tədris edən müəllimlər üçün xüsusi olaraq hazırlanmışdı.

Təlimi giriş sözü ilə açan “Imperial English United Kingdom” şirkətinin direktoru, “Leicester” Universitetinin professoru cənab Govind Desai azərbaycanlı gənc ingilis dili müəllimləri ilə görüşməkdən məmnunluq hissi duyduğunu bildirərək, “Imperial English United Kingdom” şirkətinin tarixi və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Ənənəvi təhsilin rəqəmsal təhsillə əvəzləndiyi müasir zamanda bu modelin gələcəyə yönəlik təhsil modeli olduğunu vurğulayan professor Çin, Myammar, Braziliya, Misir, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələrlə yanaşı Azərbaycanda da ingilis dili müəllimlərinin ingilis dili bilik səviyyələrinin və tədris bacarıqlarının inkişafında maraqlı olduqlarını və bunun üçün lazımi dəstəyi verməyə hazır olduqlarını bildirmişdir.

“Imperial English United Kingdom” şirkətinin Tədris Departamentinin rəhbəri, “Birmingham” Kollecinin direktor müavini Rafael Salquero öz növbəsində çıxış edərək bugünkü zamanda ingilis dilinin beynəlxalq səviyyədə ünsiyyət vasitəsi kimi əhəmiyyətindən, müxtəlif ölkələrdən olan xarici dil müəllimləri ilə bir araya gəlməyin üstünlüklərindən danışmış, gənc ingilis dili müəllimlərinin intonasiya və vurğuya xüsusi önəm verməsinin, danışıqlarında “prasal verbs” və “idioms”-lardan daha çox istifadə etməsinin vacibliyini vurğulayaraq müəllimlik təcrübəsini bölüşmüşdür. Cənab Rafael Salquero Azərbaycana, onun tarixinə və mədəniyyətinə olan maraq və heyranlığını da gizlətməmişdir.

İki günlük təlimin əsas moderatoru “Imperial English United Kingdom” şirkətinin beynəlxalq təlimçisi Daniella Mundy təlimin ilk günü "Şagirdləri ingiliscə danışmağa həvəsləndirməyin ən yaxşı üsulları" mövzusunda maraqlı interaktiv seminar təqdim etmişdir. Maraqlı sinif mühitində və sinifdənkənar dil təcrübəsinin təşviqi istiqamətində müxtəlif əyləncəli fəaliyyət və texnologiya vasitələrini təqdim edən təlimçi azərbaycanlı müəllimlərlə “Bingoo”, “Jambord”, “Jam box”, “Number box”, “Freeze frame”, “Padlet”, “Vocaroo”, “Trigger”, “Information Gap”, “Cheese rolling”, “Brilliant”, “Filling gaps”, “Unscrabled words” və s. kimi metodlarla bağlı əyani nümunələrini bölüşmüşdür. Təlimin ikinci günü "İngilis dili dinləmə bacarıqlarını inkişaf etdirməyin ən yaxşı yolları" mövzusunda növbəti seminarını təqdim edən xanım təlimçi fərqli vurğuların dinlənməsi, sinifdənkənar hərtərəfli dinləmə, dinləməni başa düşmək və asanlaşdırmaq üçün güclü leksik diapazon yaratma, şagirdlərin dinləmə bacarıqlarını təkmilləşdirmək, şagird müstəqilliyinin yaradılması istiqamətində müxtəlif texnologiyalardan istifadəyə dair öz metod və tövsiyyələrini bölüşmüş, dinləmə zamanı orijinal və orijinal olmayan materiallara diqqət yetirməyin vacibliyini vurğulamış, musiqi və bənzətmələrdən istifadəyə diqqət çəkmişdir.

Ümumilikdə təlimə azərbaycanın 500-dən çox orta təhsil müəssisələrinin ingilis dili müəllimi və ali təhsil müəssisələrində “Xarici-dil (ingilis dili)” fakültəsində müxtəlif kurslar üzrə təhsil alan tələbələr qoşulmuşdur. Təlim proqramını uğurla başa vuran müdavimlər “İmperial English UK” İngiltərə mərkəzi ofisi tərəfindən rəsmi sertifikatla, "Gənc Xarici dil Müəllimləri Birliyi" və "İmperial English Azerbaijan" tərəfindən rəsmi müşayiət məktubu ilə təltif edilmişlər.

Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council”, “OFQUAL - Office of Qualifications and Examinations Regulation (Böyük Britaniya Hökumətinin Kvalifikasiyalar və İmtahanların Tənzimlənməsi Ofisi)” və “IATEFL - International Association of Teachers of English as a Foreign Language (Xarici Dil kimi İngilis dili Müəllimlərinin Beynəlxalq Assosiasiyası)” tərəfindən akkreditə olunmuş “Imperial English United Kingdom” şirkətinin Azərbaycandakı yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet,  dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

Comments
Send a Comment
Search
Recent News
Ustad dərs – 6 müdavimləri

3 ay əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 6

3 ay əvvəl by Emil Abdurahmanov

Ustad dərs – 5 müdavimləri

3 ay əvvəl by Emil Abdurahmanov